«Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?»

 

Mayın 31-də İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?" mövzusunda sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, sessiyanın moderatoru, İngiltərənin Koventri Universitetinin Sülh və Barışıq Araşdırmaları Mərkəzinin rəhbəri, professor Alparslan ÖZƏRDƏM  müxtəliflik üçün ictimai dəstəyin qurulması yolları barədə danışmışdır. Bildirmişdir ki, mədəniyyətlərarası sistemdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaqla zənginləşdirmək, eyni zamanda, universal dəyərlərin bölüşdürülməsi ilə inteqrasiyaya doğru getmək əsas məqsəddir.

BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və əməkdaşlıq üzrə direktor müavini Jin Kristofer BAS mövzunun əhəmiyyətini və mədəni müxtəliflik üçün ictimai dəstəyə töhfə verən bir cəmiyyətin yaradılmasının vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, bu, hər kəsin müxtəlif mədəniyyətləri dərindən öyrənə biləcəyi bir cəmiyyət olmalıdır. Çünki belə olarsa, cəmiyyətdə sülh və əmin-amanlıq bərqərar edilər.

NATO baş katibinin qadın, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi xanım Mari SKOR Azərbaycan Hökumətinə bu cür mötəbər forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir.

M.Skor  forumun çox ciddi məsələlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. Mövzu ilə bağlı fikirlərini bölüşən M.Skor qadınların cəmiyyətdəki rolundan danışmışdır. Diqqətə çatdırmışdır ki, qadınlar bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətində də öz rolunu artırmalı və fəallıq nümayiş etdirməlidirlər.

Sessiyada maraqlı məruzə ilə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet SAĞLAM mədəniyyətin müxtəlifliyini zənginlik kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, mədəni müxtəliflik üçün ictimai dəstəyi əldə etmək üçün maarifləndirilmə istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir. O demişdir: "Mədəni müxtəliflik bizi ayırmaq əvəzinə birləşdirməlidir. Hər kəs başqa mədəniyyətlərə hörmətlə yanaşmalıdır".

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, professor Hafiz PAŞAYEV İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, mədəniyyətlərarası dialoq  zəngin mədəniyyətə malik xalqlar arasında əlaqələrin genişlənməsinə kömək edir.

Hafiz Paşayev diqqətə çatdırmışdır ki, Azərbaycanda müxtəlif icmalar və dini təriqətlər mövcuddur. Bu təriqətlərin və icmaların nümayəndələri daim sülh şəraitində yaşamışlar. Bu da Azərbaycanın nə dərəcədə tolerant olmasının bariz nümunəsidir.

ADA-da mədəniyyətin müxtəlifliyinin qorunub saxlanması istiqamətində bir sıra layihələrin həyata keçirildiyini deyən Hafiz Paşayev təhsil ocaqlarında bu istiqamətdə işlərin görülməsinin vacibliyini vurğulamışdır. O, əminliklə demişdir: "Regionda sülh bərqərar olunacaqekstremizm üzərində qələbə əldə ediləcəkdir".

Ərəb Dövlətləri Liqasının mədəniyyət və sivilizasiyalararası dialoq şöbəsinin müdiri Samia BİBERS sessiyada çıxış edərək mədəni müxtəlifliyi cəmiyyəti zənginləşdirən əsas amillərdən biri adlandırmışdır. O, bəzi qurumları, həmçinin QHT nümayəndələrini mədəniyyətin müxtəlifliyinin təşviqi istiqamətində fəallıq göstərməyə çağırmışdır.

Çinin "Shinework" şirkətinin baş direktoru Jonatan ŞEN də sessiyada müzakirə olunan mövzunun əhəmiyyətini yüksək qiymətləndirmişdir. J.Şen bildirmişdir ki, mədəniyyətin müxtəlifliyi bu gün bütün dünyada müzakirə olunmalı və böyük əhəmiyyət kəsb etməli bir mövzudur. O, bu problemə diqqətlə yanaşmağın vacibliyini vurğulamışdır.

Sonda mövzu ilə bağlı müzakirələr aparılmış, sessiya iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.-2013.- 1 iyun.- S.8.